Anqola (Angola), Anqola Respublikası (Republika de Angola) — Cənubi Afrikada, Atlantik okeanı sahilində dövlət. Anqolanın torpaqları qırmızı, qırmızı-qəhvəyi, qara və qırmızı-qonurdur; ucqar c.-u səhralardır. Anqola ərazisinin demək olar ki, 40%-i meşələr və seyrək meşələrlə örtülüdür. Şimal-şərqindəki tropik meşələrdə ebonit və s. qiymətli ağac növləri vardır. Şimalı və sahilyanı yaylanın mərkəzi hissəsinin bitkisi hündür otlu savannalardan, cənub hissəsi seyrək savanna meşələrindən, şimal hissəsinin qərb yamacları həmişəyaşıl tropik meşələrdən ibarətdir. Anqolada fil, şir, leopard, zebr, müxtəlif antilop növləri, meymunlar, çoxlu sayda sürünənlər, həşəratlar və s. yaşayır. Sahil suları balıqlarla zəngindir. Anqolada 13 qorunan təbiət ərazisi (ümumi sahəsi 8,2 mln ha), o cümlədən Kameya, İona, Mupa, Kisama, Kanqandala milli parkları var. Anqolanın şimal-şərqində çaylar Konqo hövzəsinə (Kasai çayı və onun sol qolu Kvanqo), qərbində isə Atlantika okeanı hövzəsinə (Kvanza, Kunene) aiddir. Ölkənin şərqində və cənub-qərbində Kvando qolu ilə Zambezi (yuxarı axını) və Kubanqo çayları axır. Quraq mövsümlərdə çayların suyu xeyli azalır və ya onlar quruyurlar (xüsusilə cənubda və cənub-qərbində). Onların demək olar ki, hamısı astanalıdır və gəmiçiliyə yaramır, lakin böyük hidroenerji ehtiyatına malikdirlər.

Ümumi məlumat Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. İnzibati cəhətdən 18 əyalətə bölünür. Anqola BMT-nin (1976), Afrika İttifaqının (1999), BYİB-in (1989), BVF-in (1989), ÜTT-nin (1996) üzvüdür. Anqolanın Namibiya, Konqo Demokratik Respublikası və Zambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə (Atlantika okeanı sahilində, Konqo Respublikası və Demokratik Konqo Respublikası ərazilərində yarımanklav) Konqo Respublikasının tərkibində yerləşsə də, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir.

Adın etimologiyası "Nqola" — ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.

Tarixi oçerk Anqolanın qədim tarixi çox az öyrənilmişdir. Avropalılar Anqolaya gələrkən (1482-ci ildə portuqal dənizçisi Dioqu Kanın ekspedisiyası) burada erkən dövlətlər – Konqo, Ndonqo, Lunda və Bengela mövcud idi (17-ci əsrdə Matamba və Kasanje dövlətləri yarandı). Ndonqoda hakimiyyətdə olan Nqola sülaləsinin adı sonradan bütün ölkəyə şamil edildi. 16-cı əsrdə portuqallar Anqola sahillərində möhkəmləndirilmiş məntəqələrin, o cümlədən San-Paulu-di-Luanda məntəqəsinin əsasını qoydular. Elə bu vaxtdan Anqolanın işğalına başlanıldı. Anqolalılar 17-ci əsrə qədər işğalçılara müqavimət göstərdilər. Portuqallar Anqolanın işğal olunmuş ərazilərindən zənciləri Braziliyaya və s. ölkələrə zorla köçürürdülər. Anqola qul alverinin ən mühüm bazalarından birinə çevrildi. Üç əsr ərzində ölkədən 5 mln. nəfər çıxarıldı. Qulların daşınması 1836-cı ildə qadağan olundu. Lakin Anqolada köləlik 1878-ci ilədək qalmaqda idi. 1885–94-cü illərdə Portuqaliya, Belçika, Almaniya və B. Britaniya arasında müqavilə bağlandı. Bu müqavilə ilə Anqolanın müasir sərhədləri müəyyən edildi. Anqolanın bütün ərazisinin Portuqaliya tərəfindən işğalı 20-ci əsrin 20-ci illərinin əvvəlində başa çatdırıldı. 1951-ci ildə Anqola Portuqaliyanın "dənizaşırı əyaləti" elan edildi. Anqolada fasiləsiz davam edən milli-azadlıq hərəkatı İkinci dünya müharibəsindən sonra yeni vüsət aldı. 1961-ci ildə müstəmləkəçilik əleyhinə anqolalıların silahlı mübarizəsi başladı. Mübarizə Anqolanın qələbəsi ilə nəticələndi. 1975-ci il yanvarın 15-də Portuqaliya ilə Alvor razılaşmaları (Anqolanın müstəqil elan edilməsini nəzərdə tutan razılaşmalar) imzalandı. 1975-ci il noyabrın 11-də müstəqil Anqola Xalq Respublikası elan edildi. Anqola Netto ölkənin prezidenti seçildi. 1975–1996-cı illər ölkə tarixinə Vətəndaş müharibəsi kimi düşmüşdür. 1976-cı ilin sonlarında Anqolanın ordusu Kubanın hərbi yardımı ilə Zair və CAR-ın işğalçı ordusunu ölkədən qovdu. 1977-ci ildə Milli Birlik Hökuməti formalaşmışdır. 70-ci illərin sonu–80-ci illərin əvvəllərində CAR-ın dəstəyi ilə müxalifət qoşunları Anqola ərazisinin böyük hissəsini yenidən işğal etdi. 1992-ci ildən ölkə Anqola Respublikası adlanmağa başladı. Yenidən başlanan vətəndaş müharibəsi gedişində müxalifət lideri J. Savimbi öldürüldü (2002). Bundan sonra müharibənin dayandırılması haqqında razılaşma imzalandı.

Dövlət quruluşu Anqola unitar dövlətdir. Anqolanın Konstitusiyası 1975-ci ilin 11 noyabr tarixində qəbul edilib (düzəlişlərlə qüvvədədir). Ölkənin idarəetmə forması — qarışıq respublikadır. Dövlət başçısı və icra hakimiyyəti ümumi və birbaşa səsvermə yolu ilə 5 il müddətinə seçilmiş prezidentdir. Prezidentin bütün ərazi inzibati vahidlərə nəzarət etmək hüququ vardır. Onun səlahiyyətlərinə dövlətin müdafiəsi və hakimiyyət qolları arasında münasibətləri əlaqələndirmək aiddir. Prezident silahlı qüvvələrin ali baş komandandır. Qanunvericilik hakimiyyətinin ali orqanı ümumi və birbaşa səsvermə ilə 4 il müddətinə seçilmiş birpalatalı Milli Məclisdir. Anqola Milli Məclisi 220 deputatdan ibarətdir. 130 deputat bütün ölkə üzrə proporsional sistem, 90 deputat isə majoritar sistem üzrə seçilir. Daimi komissiya sessiyalararası dövrdə onun funksiyalarını yerinə yetirən Yığıncaq orqanıdır. Hökumətə prezident, baş nazir və nazirlər daxildir. Hökumət Milli Məclis qarşısında məsuliyyət daşıyır. Anqolada çoxpartiyalı sistem mövcuddur. Partiyalar sırasında Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı (MPLA; 1956-cı ildə yaradılmışdır), Anqolanın Tam Azadlığı Uğrunda Milli İttifaq (UNİTA; 1966-cı ildə əsası qoyulmuşdur) və s. partiyalar var.

Əhali Anqola əhalisinin əsas hissəsi bantu xalqları – ovimbundular (25%), ambundular (23%), konqolar (13%), luenalar (8%), çokvelər (5%), kvanyamalar (4%), nyanekalar (4%), luçazilər (2%), ovambolar (2%), mbvelalar (2%), nyembalar (2%), şimal lundalar (1%), mbundalar (1%), gererolar (103 min), həmçinin bantu dilində danışan piqmeylərdən (tva; 0,1%) ibarətdir (2000). Koysan xalqları (kvadilər, xukvelər, kunqların müxtəlif qrupları) Anqola əhalisinin 0,5 % təşkil edir. Avroafrikalılar adlanan mulatlar (1%; portuqal dilində və ya onun kreollaşdırılmış variantında danışırlar) ayrıca qrup sayılırlar. Anqolada 0,09 %-dən az portuqallar yaşayır.

Silahlı qüvvələr Silahlı qüvvələr quru qoşunları (QQ), hərbi hava qüvvələri (HHQ) və hərbi dəniz qüvvələrindən (HDQ) ibarətdir (2004). Ali baş komandan prezidentdir. QQ-nın (11 300 nəfərdən artıq) tank, motopiyada, piyada, artilleriya, zenit və s. hissələri var. HHQdə 5 aviasiya bazası və hava hücumundan müdafiə (HHM) polku mövcuddur. HDQ-nə desant gəmi divizionu (1 gəmi), patrul gəmi divizionu (4 kater) və 4 dəniz piyada rotası daxildir. Anqolanın 18–23 yaşlı vətəndaşları (kişilər və qadınlar) 3 illik hərbi xidmətdə olurlar.

Coğrafiya thumb|left|180px|Malangedə olan Qara Qayalar Ölkə sərhədlərinin uzunluğu 5.198 km-dir. Sərhədin 2.511 km-i Konqo Demokratik Respublikası (bu sərhədin 225 km-lik hissəsi Cabinda bölgəsindən keçir.), 1,376 km-i Namibiya, 1.110 km-i Zambiya və 201 km-i isə Konqo Respublikasının payına düşür. Anqola Respublikasının ərazisi 1.246.700 km²-dir. Dünyada ölkələr üzrə ərazisinə görə 23-cü yerdədir.

Anqola ərazisinin çox hissəsi ensiz (50–160 km) sahilboyu düzənlikdən sıldırım yamacla yüksələn yastı dağlıqdır (hünd. 1000–1500 m). Qərbə doğru yüksəklik artır (1500–2000 m); burada bəzi yerlərdə əlahiddə dağlar ucalır.

Bu ərazinin əsasını təşkil edən Bie (hünd. 2620 m-ədək) dağlıq sahələri Anqolanın mərkəzinə doğru irəliləmişdir.

Ölkənin ən yüksək nöqtəsi Moco dağıdır (2.619 m). Ölkənin cənub bölgəsi isə daha alçaq bir mövqedədir. Anqolanın şərq hissəsində isə Zambezi çayının qolları axır.

Yastı dağlıq tədricən şimal (Konqo çökəkliyinə doğru), cənub-şərq (Kalahari çökəkliyinə doğru) istiqamətlərdə alçalır.

Xarici iqtisadi əlaqələr Ölkənin ixracı idxalını üstələyir. Əsas ixrac maddələri xam neft, almaz, neft məhsulları, təbii qaz, qəhvə, sizal, pambıq, balıq, ağac oduncağıdır. 2003-cü ildə ixracın 47,7%-i ABŞ-nin, 23,4%-i Çinin, 8%-i Tayvanın, 7,4%-i Fransanın payına düşmüşdür. İdxalın əsas maddələri maşınlar və elektrik avandanlıqları, nəqliyyat vasitələri və onların ehtiyat hissələri, dərman, ərzaq, toxuculuq məmulatı, silahlardır. Başlıca ticarət tərəfdaşları Portuqaliya, CAR, ABŞ, Niderland, Fransa, Braziliya və B. Britaniyadır.

Təhsil Anqola təhsil sisteminə uşaq bağçaları (3–4 yaşlı uşaqlar üçün), hazırlıq sinifləri (5 yaşlı uşaqlar üçün), ümumtəhsil və peşə məktəbləri, ali məktəblər daxildir. İbtidai təhsil (1–4 siniflər) məcburi və pulsuzdur. Anqolada 8 illik orta təhsil verən ümumtəhsil məktəblərinin bazası əsasında ixtisaslı işçilər hazırlayan (1 ildən 4 ilədək) təhsil müəssisələri fəaliyyət göstərir. Anqolada baş verən siyasi və iqtisadi çətinliklərlə bağlı 1980-ci illərdə tam orta təhsildən əsas həlledici iki illik sikl götürülmüş, onun həyata keçirilməsi və abituriyent kontingentinin formalaşdırılması ali məktəblərin xüsusi hazırlıq kursları və fakültələrinə həvalə edilmişdi. Ölkədə ali təhsil verən Anqola Neto ad. Anqola Dövlət Universiteti (1963; Luanda) və 3 özəl universitet fəaliyyət göstərir. 8 elmi tədqiqat institutu (hamısı Luandada) – Geofizika və Hidrometeorologiya Elmi Tədqiqat İnstitutu (1879), Geoloji Xidmət İnstitutu (1914), Sənədləşdirmə və Tarixi Tədqiqatlar Milli Mərkəzi (1933), Tibbi Tədqiqatlar İnsstitutu (1955), Baytarlıq İnstitutu (1965), Pambıqçılıq Mərkəzi (1970), Afrika dillərini və Xarici Dilləri Öyrənmə İnstitutu (197)), Sosial və Pedaqoji Tədqiqatlar İnstitutu (1980) var.

Səhiyyə Anqolada əhalinin hər 100 min nəfərinə 8 həkim (hər 12500 nəfərə 1 həkim), 115 orta tibb işçisi, 4 mama düşür. 2001-ci ildə səhiyyəyə qoyulan xərc ÜDM-in 3,6%-ini təşkil etmişdir.

Ədəbiyyat Anqola xalqlarının zəngin şifahi ədəbiyyatı var. İctimai-siyasi xadim Kordeyru da Matta və yazıçı Kaştru Soromenyu xalq ədəbiyyatını toplayıb tədqiq etmişlər. Anqolada yazılı ədəbiyyat 19-cu əsrin ortalarında yaranmış, lirika (J. da Silva Mayya Ferreyra, J. D. Kordeyru da Matta) və məişət romanları (P. F. Ma şa du, A. Troni, A. di Asis Junior) Anqola ədəbiyyatının əsasını təşkil etmişdir. 1940–70-ci illər Antoqa ədəbiyyatında müstəmləkə əleyhinə mübarizə mövzusu (A. Neto, M. Antoniu, A. Lara, J. L. Vieyra, M. F. di Kaştru Soromenyu, A. Jasintu və b.) əsas yer tuturdu. 1990-cı illərdən sonra Anqola ədəbiyyatında tarixi roman geniş yayılmış (M. Pakavira, E. Abranşiş), dramaturgiya inkişaf etmiş (Pepetelanın pyesləri), siyasi və inqilabi meyillərdən uzaq bədii əsərlər yaranmışdır (Pepetela, J. E. Aqualuza). Müasir yazılı ədəbiyyat, əsasən, portuqal dilindədir.

Təsviri sənət və memarlıq Ölkənin şimal ərazisində qədim qayaüstü heyvan təsvirləri saxlanılmışdır. Anqolanın kəndləri dairəvi plan üzrə salınmışdır; kəndlərin mərkəzində yığıncaq üçün bina, onun ətrafında yaşayış evləri, daha sonra təsərrüfat tikililəri olmuşdur. San-Miqel (1576) və Bengela (1617) qalaları avropalıların Anqolaya gəlişindən sonra tikilmişdir. 20-ci əsrin əvvəllərində Anqolada Avropa memarlıq üslubunda binalar inşa edilmişdir. Anqola toxuma sənəti (ot, çubuq və samandan) hələ qədimdən mövcud olmuşdur. Toxunulan əşyalar dəqiq, həndəsi ornament ilə bəzədilmişdir. Qədim və orta əsrlərdə ağac üzərində oyma inkişaf etmiş, mürəkkəb kompozisiyalı əsərlər (heykəltaraşlıqda) yaranmışdır. Bədii oyma üsulu ilə stilizə edilmiş insan və heyvan heykəlcikləri düzəldilmiş, mebellər üzərində mürəkkəb dekorativ kompozisiyalar həkk olunmuşdur. Peşəkar təsviri sənətin inkişaf dövrü 1970-ci illərə təsadüf edir.

Musiqi